Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğın bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb.
"AzPolitika" xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə Bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
Bundan əlavə, Mərzili istiqamətində ardıcıl partlayış səslərinin eşidildiyi bildirilir. İlkin ehtimala görə, yanğının keçmiş təmas xəttində yerləşən minalanmış ərazilərə yayılması nəticəsində partlayışlar baş verir.
Hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov kolluq və yaşıllıq sahələrinə yayılaraq ağac və kollara da ciddi ziyan vurur.
Qeyd edək ki, yanğın ötən gün başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, iyukun 28-də "112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Məlumata görə, minalanmış ərazilər və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.(Trend)

Şərhlər