Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) müxalif “Yabloko” partiyasının Dövlət Duması seçkilərindəki federal namizədlər siyahısını qeydiyyata alıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Komissiya üzvləri 29 iyulda keçirilən iclasda bu qərarı yekdilliklə dəstəkləyiblər. Partiyadan olan dörd namizəd xarici yaşayış icazəsinə və ya xarici vətəndaşlığa malik olduqları üçün MSK-nın əvvəllər təsdiqlədiyi partiya siyahısından çıxarılıb. Qeydiyyatdan keçmiş siyahıya 269 namizəd daxildir. Partiya həmçinin əlavə edib ki, daha 135 namizəd təkmandatlı seçki dairələrində iştirak etmək üçün sənədlərini təqdim edib.
"Yabloko" federal bürosunun üzvü Yaroslav Şerbakov MSK sədri Ella Pamfilovadan qeydiyyatdan keçmiş namizəd vəsiqəsini qəbul edərkən partiyanı dəstəkləyən hər kəsə təşəkkür edib: "Bu, həmvətənlərimiz üçün alternativ seçmək, sülhə, atəşkəsə, azadlığa, repressiyalara son qoymaq, qorxusuz həyat, nüvə müharibəsinin qarşısının alınması üçün səs verməkdən ötrü bir fürsətdir".

Qeyd edək ki, “Yabloko” hazırda Rusiyada "Sülh və Azadlıq Uğrunda" şüarı altında Ukraynadakı müharibəyə birbaşa qarşı çıxan yeganə partiyadır. Lakin qeyd edək ki, Dövlət Duması seçkiləri siyahısında partiyadan heç bir tanınmış siyasətçi yoxdur. Çünki güc strukturları partiyanın aparıcı və tanınmış üzvlərinə qarşı məqsədyönlü kampaniya aparıb. Onların çoxu ya həbs edilib, ya da namizədlikdən kənarlaşdırılıblar.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Yabloko”nu tam bir siyasi qüvvə hesab etmədiyini bildirib. O, "The Washington Post" qəzetinə deyib ki, "Mən Yablokonu hətta partiya adlandırmazdım, bu, sadəcə bir qrupdur".
Xatırladaq ki, Rusiya Birləşmiş Demokrat Partiyası “Yabloko”-nun təsisçisi məşhur siyasətçi Qriqori Yavlinskidir. O, sentyabr ayında keçiriləcək seçkilərə qatılmaqdan və partiya siyahısına rəhbərlik etməkdən imtina edib. Yavlinski bunu belə izah edib ki, "Yeni bir dövr başlayır və yeni insanlar gəlməlidir, bu, prinsip məsələsidir". Yavlinski partiyanın "faizlər və mandatlar"la maraqlanmadığını bildirib. Onun dediyinə görə, vacib olan odur ki, insanlar seçki kampaniyası zamanı müharibəyə qarşı çıxan partiyanı alternativ kimi görürlər.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər