Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığında bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunduğunu bildirib.

"AzPolitika" xəbər verir ki, Paşinyanın sözlərinə görə, əsas məsələ Ermənistanın özünə alternativ istiqamətlər müəyyənləşdirmək hüququna malik olmasıdır.

"Prezident Putinə bildirdim ki, biz bu siyasi kursu açıq şəkildə elan etmişik və onu davam etdirəcəyik. Xüsusilə də Ermənistan xalqı bu istiqamətə dəstək verib. Siyasətimizin nəticəsində ölkənin alternativsiz vəziyyətdə qalacağını təsəvvür etmirəm", - deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan alternativ siyasət kursunu elan etdikdən sonra ölkə məhsullarının Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarlarına ixracında müəyyən çətinliklər yaranıb.

Onun sözlərinə görə, bu siyasətin legitimliyi Rusiya tərəfi tərəfindən də qəbul edilir və bu, mühüm məqamdır.

"Əsas sual alternativ mexanizmlərin nə vaxt işə düşəcəyidir", - deyə Paşinyan vurğulayıb.

Paşinyan hesab edir ki, yaranmış vəziyyət Ermənistanın deyil, Avrasiya İqtisadi İttifaqının problemidir.

"Faktiki olaraq belə görünür ki, Aİİ iflic vəziyyətindədir və normal fəaliyyət göstərmir. Əgər bu problem yaxın zamanda həll edilməsə, bunun Aİİ-nin sonunun başlanğıcı ola biləcəyini düşünürəm. Bununla belə, hazırda təşkilatdan çıxmaq niyyətimizi bəyan etmək planımız yoxdur", deyə o əlavə edib.

Xatırladaq ki, Kremlin mətbuat xidməti iyulun 27-də Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığının baş tutduğunu açıqlamışdı.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirmişdi ki, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər. Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsinin referendum yolu ilə həll edilməsinin vacibliyi də vurğulanıb.

E. Səlimov

AzPolitika.info