Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində daha bir “F-16” qırıcı təyyarəsini itirib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat verilib.
Silahlı Qüvvələrin adından yayılan məlumata görə, təyyarə Rusiya hava hədəflərini ələ keçirmək tapşırığını yerinə yetirərkən kabinada fövqəladə vəziyyət baş verib. Pilot katapult etməyə məcbur olub və qırıcı təyyarə qəzaya uğrayıb.
Məlumatda deyilir ki, pilot uğurla təxliyə edilib və müayinə üçün tibb müəssisəsinə aparılıb.
Bu, Ukraynanın itirdiyi dördüncü “F-16”dır. Daha əvvəl ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Ukrayna Silahlı Qüvvələrinin ilk dəfə “F-16” ilə Rusiya qırıcı təyyarəsini vurduğunu bildirmişdi. Söhbət Rusiyanın “Su-35” çoxməqsədli qırıcısının məhv edilməsindən gedirdi.
Ukrayna ilk dəfə 2024-cü ilin yayında Amerika “F-16” qırıcılarından istifadə etməyə başlayıb. "Defense Express"in məlumatına görə, Ukrayna Silahlı Qüvvələrində hazırda Niderland və Danimarka tərəfindən Kiyevə bağışlanan təxminən 39 belə döyüş təyyarəsi var.
“AzPolitika.info”

Şərhlər