İyulun 30-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Penza vilayəti və Udmurtiya Respublikasında yerləşən "Wildberries" rəqəmsal ticarət şəbəkəsinin iri logistika mərkəzlərinə kütləvi zərbələr endirib.

Zərbələr nəticəsində logistika mərkəzlərində güclü yanğınlar başlayıb, yüzlərlə əməkdaş təxliyə edilib.

Penza vilayətinin qubernatoru Oleg Melniçenko bildirib ki, "Wildberries" anbarına edilən PUA hücumu nəticəsində 1 nəfər xəsarət alıb, 200-ə yaxın əməkdaş isə ərazidən təcili təxliyə olunub:

"Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə briqadaları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib. Anbar ərazisində açıq yanma müşahidə olunur, yanğınsöndürənlər alovla mübarizə aparırlar".

Yerli teleqram kanallarının verdiyi məlumata görə, Penzada vurulan obyekt Mastinovka kəndində yerləşən nəhəng paylayıcı mərkəzdir. Açıq mənbələr bu kompleksin Volqayanı Federal Dairəsini təchiz edən əsas strateji logistika qovşaqlarından biri olduğunu təsdiqləyir.

Parallel olaraq Udmurtiyanın Sarapul şəhərində yerləşən analoji "Wildberries" anbarı da PUA zərbələrinə məruz qalıb. Birləşmiş "Russ & Wildberries" (RWB) şirkəti Udmurtiyadakı logistika mərkəzinə hücum faktını rəsmən təsdiqləyib.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, hava həyəcanı siqnalından dərhal sonra işçilər qabaqcadan təxliyə edilib və ilkin məlumatlara görə, Sarapul obyektində xəsarət alan olmayıb. Daşınma və çatdırılma zəncirinin kəsilməməsi üçün sifarişlərin digər regional mərkəzlərə yönləndirildiyi vurğulanır.

Qeyd edək ki, Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərindəki iri logistika və mülki-hərbi infrastruktur obyektlərini hədəf alması Rusiyanın daxili təchizat zəncirini və iqtisadi ritmini pozmağa yönəlib. Xüsusilə cəbhə xəttindən yüzlərlə kilometr aralıda yerləşən Volqayanı və Uralətrafı regionlardakı nəhəng şəbəkələrin vurulması Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin mühüm daxili infrastrukturu qorumaqda çətinlik çəkdiyini nümayiş etdirir.

Rasim Əliyev

“AzPolitika.info”