Ankara Qərb Cümhuriyyət Baş Prokurorluğu tərəfindən paytaxtın Etimesgut Bələdiyyəsində həyata keçirilən "rüşvət" və "korrupsiya" təhqiqatı çərçivəsində aralarında Bələdiyyə sədri Erdal Beşikçioğlu və müavinlərinin də olduğu 55 nəfər haqqında həbs qətimkan tədbiri seçilib. İyulun 30-da keçirilən əməliyyatla 52 nəfər saxlanılıb.

Məşhur aktyor və Etimesgut Bələdiyyə sədri Erdal Beşikçioğlu Qazi Mustafa Kamal Peşə və Ətraf Mühit Xəstəlikləri Xəstəxanasında tibbi müayinədən keçirildikdən sonra Polis İdarəsinə aparılıb. Polis qüvvələri bələdiyyə binasında axtarışlar həyata keçirir.

Baş Prokurorluqdan verilən rəsmi bəyanata görə, istintaq Sayıştay (Hesablama Palatası) hesabatları, şahid ifadələri, CİMER müraciətləri, səs və video yazıları, MASAK (Maliyyə Cinayətlərini Araşdırma Kurulu) hesabatları və HTS (zəng/əlaqə) təhlilləri əsasında başladılıb.

Şübhəlilərə qarşı aşağıdakı ağır maddələrlə cinayət işi açılıb:

Cinayət törətmək məqsədilə təşkilat (şəbəkə) qurmaq və idarə etmək, mənimsəmə, rüşvət və hədə-qorxu ilə tələb etmə, tenderə və öhdəliklərin icrasına fırıldaqçılıq qatmaq, saxta sənədlər tərtib etmək,bdayanacaq kirayələri və tikinti icazələrində qanunsuz mənfəət əldə etmək.

Bu ilin mart ayında Baş Prokurorluq Sayıştay auditindən sonra Etimesgut Bələdiyyəsi və onun "Etimkent A.Ş." iştirakındakı "mənimsəmə" iddiaları ilə bağlı 4 nəfəri saxlamışdı.

O zaman bələdiyyə sədri Erdal Beşikçioğlu bəyanat verərək, istintaqın başlanmasına səbəb olan şikayəti elə bələdiyyənin özünün etdiyini bildirmişdi:

"Bələdiyyəmiz tərəfindən prokurorluğa edilən müraciət əsasında Sosial Yardım İşləri Müdürlüyü və 'Etimkent A.Ş.' işçiləri ilə bağlı araşdırma başladılmışdı".

Lakin iyulun 30-da həyata keçirilən son genişmiqyaslı əməliyyat istintaqın artıq Beşikçioğlunun özünü və bələdiyyənin bütün yuxarı rəhbərliyini əhatə etdiyini göstərdi. Gözaltına alınan şəxslərin polisdəki dindirilmələri davam edir.

Rasim

“AzPolitika.info”