Rusiya Ukraynada müharibə başladıqdan sonra Avropa və digər Qərb ölkələrində istehsal olunan ikili təyinatlı malları əldə etmək üçün Hindistanın təchizat zəncirlərindən istifadə edir.
"AzPolitika" bildirir ki, bu barədə "Strider Technologies" tədqiqat şirkətinin məlumatlarına istinadən "Politico" nəşri xəbər verir. Tədqiqatçılar 2022-ci ildən bəri Hindistan vasitəsilə Rusiyaya daxil olan 50 minə yaxın nəzarət edilən və ya həssas malı izləyiblər. Söhbət elektronika, avadanlıq, dəqiq cihazlar, nəqliyyat komponentləri və qabaqcıl elektrik sistemlərindən gedir.
"Strider"ın məlumatına görə, genişmiqyaslı işğal başladıqdan sonra Hindistandan Rusiyaya Qərb mənşəli malların ixracı kəskin artıb: əvvəlki üç illə müqayisədə Böyük Britaniya məhsullarının tədarükü 180%, İsveçrə məhsulları 131%, İsveç məhsulları 455%, Fransa məhsulları isə 98% çoxalıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, Hindistanın təchizat və istehsal zəncirləri Moskva tərəfindən sanksiyalardan yayınmaq üçün istifadə oluna bilər. Nümunə olaraq, Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli bir şirkətə Fransa istehsalı olan karbon lifinin tədarükü göstərilir.
Analitiklər qeyd edirlər ki, Aİ və Böyük Britaniyanın Hindistanla ticarət əməkdaşlığının güclənməsi bu cür tədarüklərə nəzarəti çətinləşdirir. Onların sözlərinə görə, sanksiyaların dolanılmasına qarşı səmərəli mübarizə aparmaq üçün hökumətlər, kəşfiyyat strukturları və biznes arasında daha sıx qarşılıqlı əlaqə tələb olunur.
"AzPolitika.info"

Şərhlər