Mərkəzi Asiya respublikaları və Azərbaycan prezidentləri 30 iyul - 1 avqust tarixlərində Qırğızıstanda qeyri-rəsmi məsləhətləşmə görüşü keçirəcəklər.

"AzPolitika" xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2026-cı il iyulun 30-dan avqustun 1-dək İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycan Respublikasının Prezidentinin qeyri-rəsmi məsləhətləşmə görüşü keçiriləcək.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları ticarət, energetika, turizm, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, regionda mədəni-humanitar əlaqələrin inkişafı sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək, həmçinin regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.