ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper prezident Trampa İrana qarşı 10 gündən 14 günədək davam edə biləcək genişmiqyaslı hava əməliyyatı planını təqdim edib.
"AzPolitika" xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, plan İranın raket potensialını məhv etməyə yönəlmiş intensiv aviazərbələri nəzərdə tutur. Komandanlığın bildirdiyinə görə, bu addım İranın raket hücumu təhlükəsini əhəmiyyətli dərəcədə azaldacaq və ABŞ-nin HHM (hava hücumundan müdafiə) vasitələrindən istifadə ehtiyacını məhdudlaşdıracaq.
Təklif olunan strategiyanın mahiyyəti Hörmüz boğazındakı gəmilərə və bölgədəki ABŞ qüvvələrinə hücumların qarşısını ala bilməyən məhdud cavab zərbələrindən imtina etmək, əvəzində daha iri miqyaslı hərbi kampaniyaya keçməkdir.
Bununla belə, Ağ Ev rəhbəri hələlik yekun qərar verməyib. Tramp ya təqdim olunan bu irimiqyaslı planı təsdiqləyə bilər, ya da diplomatik həll variantına ümid edərək daha məhdud zərbələrlə kifayətlənə bilər.
"AzPolitika.info"

Şərhlər