Rusiya Sənaye və Ticarət Nazirliyinin Pilotsuz Sistemlər və Robototexnika Departamentinin rəhbəri Alla Polovçenya Moskvada saxlanılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Məlumatda deyilir ki, xanım məmur xüsusilə külli miqdarda mənimsəmədə şübhəli bilinir (Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi, 10 ilə qədər həbs cəzası ilə cəzalandırılır). Həmçinin fırıldaqçılıqda şübhəli bilinən EFKO Qrupunun inkişaf üzrə direktor müavini Yekaterina Kustova və holdinqin idarəetmə şirkətinin inkişaf direktoru Vladislav Romantsev də saxlanılıblar.

Mənbələrə görə, cinayət işi "Gələcəyin Nəqliyyatı" pilotsuz uçuş sistemi layihəsi ilə bağlıdır. Məlumatlı mənbə VÇK-OGPU-ya bildirib ki, cinayət sxeminin iştirakçıları idxal əvəzlənməsi üçün ayrılan vəsaitləri Çin dronları almaqdan ötrü istifadə ediblər və bu PUA-ları Rusiya istehsalı kimi təqdim ediblər.

“Gələcəyin Nəqliyyatı”nın baş direktoru və Samara vilayətinin qubernatorunun keçmiş müşaviri Yuri Kozarenko daha əvvəl eyni iş üzrə həbs edilib. O, dövlət sifarişini yerinə yetirərkən 70 milyon rublu mənimsəməkdə ittiham olunub.

“AzPolitika.info”