Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 30-da hökumətin iclasından sonra keçirilən brifinqdə ölkə ordusunda hərbçilərin intihar hallarına səbəb olan əsas amillərdən danışıb.
"AzPolitika" xəbər verir ki, Paşinyanın sözlərinə görə, bu halların başlıca səbəblərindən biri hərbçilərin mərc oyunlarına aludə olması və nəticədə borc bataqlığına düşməsidir.
“Bəziləri mərc edir, borca düşür və həmin borcları ödəyə bilmir”, - deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti artıq hərbi qulluqçuların qumar oyunlarında iştirakını məhdudlaşdırmaq üçün hüquqi tədbirlər görüb. Lakin bu mexanizmin tam tətbiqi hələ davam edir.
Paşinyan bildirib ki, bu problemdən 2010-2011-ci illərdə Koş həbsxanasında işlədiyi dövrdən xəbərdardır. Onun sözlərinə görə, bəzi hərbçilər başqalarının telefonlarından istifadə etməklə mərc oyunlarına qoşula bilirlər. O, həmçinin qeyd edib ki, telefon vasitəsilə mərc qəbul edən və sonradan borcların geri qaytarılmasını tələb edən qeyri-rəsmi şəxslər mövcuddur.
Baş nazir orduda intiharlara səbəb olan digər amillər kimi ailə və şəxsi problemləri, eləcə də ön xəttdə xidmət zamanı yaranan psixoloji gərginliyi göstərib.
Paşinyanın sözlərinə görə, döyüş mövqelərində yuxuya gedən hərbçilər digər şəxslərin həyatını təhlükəyə atmış hesab edilə bilər və bu, onların sonradan kollektivdən təcrid olunmasına, psixoloji təzyiqə məruz qalmasına səbəb ola bilər.
Ermənistan hökumət başçısı bildirib ki, orduda baş verən intihar hallarının təxminən 90 faizi məhz bu üç amillə əlaqəlidir.
E. Səlimov
AzPolitika.info

Şərhlər