Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkə ərazisinə təşkil etdiyi kütləvi raket və dron hücumundan sonra Qərb müttəfiqlərinə kəskin xəbərdarlıq edib. O, hava hücumundan müdafiə (HHM) sistemləri və raketlərin tədarükündəki ləngimələrin birbaşa mülki şəxslərin ölümünə gətirib çıxardığını bəyan edib.
“AzPolitika” xəbər verir ki, Zelenski gecə saatlarında baş verən hücum nəticəsində Dnipro vilayətində dəhşətli mənzərənin yarandığını bildirib.
Prezidentin sözlərinə görə, balistik raketin sıradan bir yaşayış binasına tuş gəlməsi nəticəsində bir ailə- ata, ana və 3 övladı həyatını itirib. İki uşaq isə dağıntılar altından sağ çıxarılıb.
Son məlumatlara görə, kütləvi hücumlar nəticəsində ölkə üzrə 8 nəfər həlak olub, onlarca dinc sakin yaralanıb.Hücuma məruz qalan regionlar arasında Kiyev, Dnipro, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsa, Çerkassı və İvano-Frankovsk vilayətləri var. Onlarca yaşayış evi, mülki müəssisə və infrastruktura ciddi ziyan dəyib.
Zelenski düşmənin hücum miqyasını açıqlayaraq bildirib ki, Rusiya ordu qüvvələri əsasən balistik olmaqla 70-dən çox raket və 280-dən çox hücum dronu tətbiq edib. Ukrayna HHM qüvvələri 260-dan çox dronu və çoxlu sayda qanadlı raketi zərərsizləşdirə bilib.
Ukrayna lideri Qərbdən raket çatışmazlığı fonunda ukraynalı hərbçilərin möcüzələr göstərdiyini vurğulayıb:“Tərəfdaşlardan HHM raketlərinin kritik dərəcədə çatışmadığı bir şəraitdə əsgərlərimiz inanılmaz işlər görürlər. Hətta mobil atıcı qruplarımız belə qanadlı raketləri vurub düşürə bilir. Raket tədarükü olmadıqda və ya gecikdikdə bu peşəkarlıq insan həyatını xilas edir”.
Rusiya raket təhlükəsindən müdafiənin əsas vəzifə olduğunu xatırladan Ukrayna dövlət başçısı, bu məsələnin yalnız Kiyevin üzərinə düşməməli olduğunu diqqətə çatdırıb:
“Bütün tərəfdaşlarımız necə və nə ilə kömək edə biləcəklərini çox yaxşı bilirlər. Köməyin vaxtında göstərilməməsi, anti-balistik raketlərin tədarükündəki ləngimələr - bax, bu gün yaşanan dağıntıların və itkilərin əsas səbəbi budur. Həyatın qorunmasına real dəstək vermək vacibdir”.
Rasim
“AzPolitika.info”

Şərhlər