Rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və Azərbaycana qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edir.

"AzPolitika" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində yer alıb.

A.Hacızadə qeyd edib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib.

Onun sözlərinə görə, apelyasiya instansiyasının qərarı da Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir:

"Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, "əsassız saxlanılma" və "ədalətsiz məhkəmə araşdırması" ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan qanunvericiliyi və ölkənin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir".

Rəsmi Bakı Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransaya casusluqda ittiham olunan Martin Ryan 10 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 29-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.