Rusiya tərəfi 2008-ci il konsessiya müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirir: səhmdarlara heç bir dividend ödənilməyib, bütün mənfəət dəmir yolunun inkişafına yönəldilib və 2008-ci ildən 2025-ci ilə qədər Rusiya Dəmir Yolları və Cənubi Qafqaz Dəmir Yolları tərəfindən ümumi investisiya təxminən 396,3 milyon dollar təşkil edib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov TASS-a açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, konsessiya Ermənistana büdcəyə yük olmadan müasir dəmir yolu əldə etməyə imkan verib. Cənubi Qafqaz Dəmir Yolları ölkənin ən böyük işəgötürənlərindən biri olaraq qalır və 2500 işçisinin əmək haqqını müntəzəm olaraq indeksləşdirir. Belozerov sərnişin donanmasının yenilənməsini, 2021-ci ildə 27 yeni vaqonun gətirilməsini və 2024-cü ildə Debed çayının daşmasının nəticələrinin birgə aradan qaldırılmasını qeyd etdi.

O, həmçinin tərəflərin bütün hüquq və öhdəliklərinin müqavilədə təsbit olunduğunu və Ermənistan müqaviləni ləğv etmək və ya şərtləri dəyişdirmək qərarına gələrsə, Rusiya Dəmir Yollarının öz investisiyalarından gəlir gözləmək hüququna malik olduğunu vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu ilə bağlı yaranmış mübahisənin arbitraj məhkəməsinə çıxarıla biləcəyini bildirib.