Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Ermənistanın Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı əlavə ödənişlər tələb etməsini əsassız adlandırıb.

APA xəbər verir ki, onun sözlərinə görə Cənubi Qafqaz Dəmir Yolu "pulsuz" aktiv deyil, əksinə Rusiyanın 30 milyard rubldan çox investisiya yatırdığı, hərəkət tərkibini yenilədiyi və müqavilə öhdəlikləri çərçivəsində infrastrukturunu inkişaf etdirdiyi bir müəssisədir.

Nazirin sözlərinə görə, əgər bu öhdəliklər birtərəfli qaydada yenidən nəzərdən keçirilsə və bunun nəticəsində investora zərər dəysə, Rusiya kompensasiya tələb etmək hüququ əldə edəcək.

"Rusiyanın Ermənistana əlavə ödəniş etməli olduğu barədə məsələ qaldırmaq əsassızdır", – Reşetnikov Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva ilə münasibətlərə alternativ axtarılması barədə bəyanatını şərh edərkən bildirib.