Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağı gözlənilir.
"AzPolitika" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağını bəyan etmişdi.
"İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 3,8 % olub. İllik baza inflyasiya 5,5 % təşkil edib.
İllik inflyasiyanın 2027-ci ilin II yarısından hədəfə qayıdacağı gözlənilir. 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır.
Mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu yolla ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır. Tərəfdaşlardakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. Növbəti dövrdə AMB-nin inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Daxili tələb amillərinin isə mövcud fiskal və pul siyasəti fonunda inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil", - deyə AMB bəyan edib.

Şərhlər