Ötən gecə Ukrayna PUA-larının Rusiyaya növbəti hücumu həyata keçirilib. 

“AzPolitika” xəbər verir ki, Volqoqrad qubernatoru Andrey Boçarovun Rusiya mediasında dərc olunan açıqlamasına görə, "dron hücumları nəticəsində gecə saatlarında Volqoqradın cənubundakı yanacaq-enerji kompleksindəki sənaye müəssisəsində, eləcə də Dzerjinski rayonundakı anbarlarda yanğınlar qeydə alınıb".

Bundan əlavə, Volqoqradda bir yaşayış binasına və Krasnoarmeyski rayonundakı bir fərdi evə ziyan dəyib. Beş nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin “Wildberries” şirkətinin logistika mərkəzinə də ziyan dəyib. "Yanğın baş verib. Yanğınsöndürmə briqadaları hadisə yerində işləyir. İtki yoxdur", - şirkətin mətbuat xidməti bildirib.


"Astra"nın məlumatına görə, hücuma məruz qalan ikinci obyekt Lukoil-Volqoqradneftepererabotka neft emalı zavodu olub. Bu zavod ildə 14,8 milyon ton neft emal etmək gücünə malikdir. May ayının sonunda da Ukrayna bu zavoda zərbə endirib, bundan sonra zavod fəaliyyətini dayandırıb.

Ukrayna dronları gecə Tatarıstana da hücum edib. Zelenodolskda yerli sakinlər partlayışlar barədə məlumat veriblər. Ukraynanın Exilenova+ monitorinq kanalının məlumatına görə, zərbə “Wildberries” logistika kompleksinə endirilib. Səhər saatlarında obyektin üzərində tüstü görünüb. Dronlar iyulun 23-də bu anbara hücum etmişdi, lakin ciddi ziyan vurmamışdı.

Bundan əlavə, Nijnekamskda 30-dan çox partlayış baş verib. Sakinlər Nijnekamsk Neft Emalı Zavodunda yanğın baş verdiyini bildirirlər.

Bir gün əvvəl, iyulun 30-da Ukrayna dronları Penza bölgəsində, Udmurtiyada və Perm diyarında üç “Wildberries” anbarına hücum etmişdi. Bütün bu obyektlərdə yanğınlar baş vermişdi. Beləliklə, Ukrayna Silahlı Qüvvələri iyulun 18-dən bu yana “Wildberries”-in ən azı 18 paylama mərkəzinə hücum edib. Şirkətin ümumi anbar tutumunun 15%-dən çoxu sıradan çıxarılıb.

“AzPolitika.info”