Rusiyada xarici vətəndaşların uçotu üçün "Xarici vətəndaşın rəqəmsal profili" adlı yeni dövlət informasiya resursu tam fəaliyyətə başlayıb. 

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, iyunun 30-dan etibarən tətbiq olunan bu sistem ilk baxışdan rahat inzibati xidmət təsiri bağışlasa da, insan hüquqları müdafiəçiləri onun arxasında daha geniş nəzarət mexanizminin durduğunu bildirirlər.

Hüquq müdafiə təşkilatı olan "Memorial" mərkəzinin dərc etdiyi son hesabatda qeyd olunur ki, miqrantlar Rusiya dövlətinin yeni izləmə, nəzarət və repressiya üsullarını sınaqdan keçirdiyi "pilot" qrupa çevriliblər.

Hesabatın müəllifi yerli mətbuata yeni sistemin pərdəarxası məqamları barədə ətraflı məlumat verib.

K.Troitskinin "Xarici vətəndaşın rəqəmsal profili dövlət informasiya resursu və yeni Rusiya totalitarizminin formalaşması" başlıqlı hesabatında vurğulanır ki, bu mexanizm əslində dövlətə nəhəng həcmdə fərdi məlumatları toplamaq, müqayisə etmək, təhlil etmək və insanları idarə etmək imkanı verən böyük bir infrastrukturun tərkib hissəsidir.

Ekspertlərin fikrincə, miqrantlar üzərində sınaqdan keçirilən bu rəqəmsal nəzarət mexanizmləri gələcəkdə Rusiya cəmiyyətinin digər qruplarına da şamil edilə bilər.

“AzPolitika.info”