Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
"AzPolitika" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qırğızıstanın Çolpon- Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ilin əvvəlindən bu günə qədər o, Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər edib, onun həmin ölkələrdən həmkarları isə 26 dəfə Azərbaycanda səfərdə olublar.
“Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Prezident qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək.
Dövlətimizin başçısı vurğulayıb: “Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bütün səyləri göstərəcək”.

Şərhlər