ABŞ-ın İndiana ştatında 2025-ci ildə baş verən və təsadüfi qadının ölümü ilə nəticələnən silahlı dəstə hücumu ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Cinayət və mütəşəkkil cinayətkar qrupun üzvü olmaqda təqsirli bilinən 15 yaşlı Jo'Majze Larry ümumilikdə 100 il həbs cəzasına məhkum edilib.
"AzPolitika" xəbər verir ki, hadisə 2025-ci ilin fevralında İndiana ştatının Anderson şəhərində gecə klubunun qarşısında baş verib. Silahlı hücum nəticəsində 26 yaşlı Dayla Swain həyatını itirib.
İstintaq müəyyən edib ki, Swain hücumun əsas hədəfi olmayıb. Silahlı şəxslər başqa bir qətl işi üzrə şahidi öldürməyə cəhd etsələr də, nəticədə təsadüfi qadın həyatını itirib.
Münsiflər heyəti Jo'Majze Larry və 19 yaşlı Rashawn Samuelsi iyunun 30-da təqsirli bilib.
Məhkəmə Larryyə qətl ittihamına görə 50 il, mütəşəkkil cinayətkar qrupun üzvü olmaq ittihamını qəbul etdiyinə görə isə əlavə 50 il həbs cəzası təyin edib. Beləliklə, onun ümumi cəzası 100 il olub.
Eyni iş üzrə mühakimə olunan Samuels isə qətl və cinayətkar qrup fəaliyyəti ilə bağlı ittihamlar üzrə ümumilikdə 125 il həbs cəzası alıb.
Prokurorluq bildirib ki, İndiana ştatının qanunvericiliyi mütəşəkkil cinayətkar qrupların ictimai təhlükəsizliyə yaratdığı risk nəzərə alınaraq bu cür ağır cəza artırımlarına imkan verir.
Cinayət törədilən zaman 18 yaşından kiçik olduğu üçün Larry ştat qanunlarına əsasən cəzasının ən azı 20 ilini çəkdikdən sonra prokurorun razılığı olmadan hökmə yenidən baxılması üçün məhkəməyə müraciət etmək hüququ əldə edəcək.(musavat.com)

Şərhlər