“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında münasibətlər ortaq tarixi köklərə, Türk dünyasının ümumi milli-mənəvi dəyərlərinə, qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin uğurlu nümunəsidir. Son illər dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı dövlət səfərləri və həyata keçirilən birgə layihələr əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə keçdiyini aydın şəkildə nümayiş etdirir”.

Bu fikirləri "AzPolitika"ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Deputat Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinin və Qırğızıstan Prezidenti Sadır Japarov ilə keçirdiyi görüşlərin iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə olduğunu vurğulayıb:

"Dövlət başçısının bəyanatında səsləndirilən 'Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq' fikri Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış yüksək etimad mühitinin, qarşılıqlı siyasi iradənin və uzunmüddətli strateji əməkdaşlığın ən dolğun ifadəsidir. Müttəfiqlik yalnız siyasi bəyanat deyil, eyni zamanda təhlükəsizlik, iqtisadi inkişaf, regional sabitlik və beynəlxalq platformalarda qarşılıqlı dəstək baxımından ortaq məsuliyyətin bölüşdürülməsi deməkdir.

Azərbaycan və Qırğızıstan beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan xarici siyasət yürüdərək BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi uğurla davam etdirirlər. TDT çərçivəsində həyata keçirilən birgə təşəbbüslər isə Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsinə, iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə və regional əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir".

S.Novruzov dövlət səfərinin iqtisadi yekunlarına diqqət çəkərək qeyd edib ki, Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə qəbul edilən qərar xüsusi əhəmiyyət kəsb edir:

"Bu addım iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal sahələrinin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi, nəqliyyat-logistika, kənd təsərrüfatı, enerji, rəqəmsal iqtisadiyyat və digər perspektivli istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır. İnvestisiya Fondunun maliyyə imkanlarının artırılması hər iki ölkənin iqtisadi potensialının səmərəli şəkildə birləşdirilməsinə xidmət edən mühüm strateji qərardır".

Komitə sədri Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məqamlardan birinin də Qarabağın bərpasına qardaş Qırğızıstanın verdiyi töhfə olduğunu bildirib:

"Ağdam rayonunda inşa edilən və böyük Qırğız xalqının qəhrəmanı Manasın adını daşıyan müasir məktəb iki xalq arasında dostluğun, qardaşlığın və ortaq mədəni irsin rəmzinə çevrilmişdir. Bu layihə yalnız təhsil infrastrukturu deyil, həm də Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlığın, qarşılıqlı etimadın və Türk dünyasının həmrəyliyinin parlaq nümunəsidir".

Siyavuş Novruzov səfər çərçivəsində imzalayan sənədlərin regional əhəmiyyətini də dəyərləndirib:

"Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni inkişaf mərhələsinin başlanğıcını ifadə edən mühüm siyasi sənəddir. Bəyannamə nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı, enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsallaşma, investisiya əməkdaşlığı və humanitar əlaqələrin daha da gücləndirilməsi istiqamətində ortaq məqsədləri özündə ehtiva edir. Bu sənəd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsinə və bütövlükdə Türk dünyasının iqtisadi-siyasi inteqrasiyasının möhkəmlənməsinə mühüm töhfə verir.

Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən ikitərəfli sənədlərin imzalanması əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirmişdir. Azərbaycan Respublikasının həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində Türk dövlətləri arasında qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətləri ardıcıl şəkildə möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin təşəbbüsləri regionda sülhün, təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

Əminliklə demək olar ki, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər və səsləndirilmiş strateji mesajlar Azərbaycan-Qırğızıstan müttəfiqliyinin daha da möhkəmlənməsinə, Türk dünyasının birliyinin güclənməsinə və hər iki qardaş xalqın rifahına xidmət edən yeni inkişaf mərhələsinin əsasını təşkil edir".

Rasim ƏLİYEV

"AzPolitika.info"