Vaşinqton Çin Xalq Respublikasının daha 43 şirkətini məcburi əməkdən istifadə ittihamı ilə sanksiya siyahısına daxil edib. Bununla da ABŞ-yə məhsul idxalı qadağan edilən Çin müəssisələrinin sayı 187-yə çatıb.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamenti birgə məlumat yayıb.

Bildirilir ki, "qara siyahı"ya Sintszyan-Uyğur Muxtar Rayonunda (SUMR) məcburi əməkdən istifadə etməkdə şübhəli bilinən dağ-mədən, kənd təsərrüfatı, nəqliyyat, metallurgiya və dəniz məhsullarının emalı sahəsində fəaliyyət göstərən müəssisələr daxil edilib. İdxal qadağası artıq iyulun 31-dən qüvvəyə minib.

Vaşinqton vurğulayır ki, yeni məhdudiyyətlər 2021-ci ilin sonlarında qəbul edilmiş "Uyğurların məcburi əməyinin qarşısının alınması haqqında Akt" çərçivəsində tətbiq olunur. Qanuna əsasən, əksi sübut olunmayana qədər Sintszyandan gətirilən bütün mallar məcburi əməyin nəticəsi kimi qiymətləndirilir.

ABŞ rəhbərliyi Pekini Sintszyanda uyğurlara və digər müsəlman azlıqlara qarşı insan hüquqlarını kütləvi şəkildə pozmaqda günahlandırır.

Çin tərəfi bu iddiaları siyasi motivli adlandıraraq qətiyyətlə təkzib edir. Pekin bəyan edir ki, Sintszyanda həyata keçirilən tədbirlər yalnız terrorizm və ekstremizmə qarşı mübarizə, eləcə də regionun iqtisadi inkişafını təmin etmək məqsədi daşıyır.

Xatırladaq ki, Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda əhalinin əksəriyyətini müsəlman uyğurlar təşkil edir. Rəsmi Pekin regionda beynəlxalq terror təşkilatları ilə əlaqəli separatçı qruplaşmaların fəaliyyət göstərdiyini iddia edir.

Rasim Əliyev

“AzPolitika.info”