Rusiya Silahlı Qüvvələrinin Kiyevə gecə saatlarında endirdiyi kütləvi hava zərbələri nəticəsində azı 9 nəfər həlak olub, 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna xilasetmə və hüquq-mühafizə orqanları məlumat yayıb. Xəsarət alanlar arasında 13, 14 və 17 yaşlı 4 yeniyetmənin də olduğu bildirilir.

Verilən son məlumata görə, ən çox insan tələfatı Darnitski rayonunda qeydə alınıb – burada 7 nəfər həlak olub. Solomenski rayonunda isə zərbə dəyməsi nəticəsində 5 mərtəbəli yaşayış binasının bir hissəsi uçub.

Şevçenko, Dnepr və Peçersk rayonlarında da ciddi dağıntılar və yanğınlar baş verib. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Ukraynanın Xarici İşlər naziri Andrey Sibiga baş verənləri Kiyev üçün "cəhənnəm gecəsi" adlandırıb və müttəfiqlərə təcili müraciət edib:

"Ukraynanın təcili olaraq əlavə Hava Hücumundan Müdafiə (HHM) və Raketdən Müdafiə sistemlərinə, eləcə də raket əleyhinə tutucu qurğulara ehtiyacı var. Qərarların qəbul edilməsi və silahların çatdırılma sürəti indi həlledici əhəmiyyət kəsb edir".

“AzPolitika.info”