Ukrayna Baş Prokurorluğu Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı cinayət işinin qaldırılması imkanının dəyərləndirildiyini açıqlayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat verib.
Prokurorluqdan bildirilib ki, ölkə Prezidentindən müvafiq müraciət daxil olub və hazırda həmin sənədə baxılır. Qeyd olunub ki, hələlik Lukaşenkoya qarşı rəsmi cinayət işi başlanılmayıb.
Məlumata görə, iyulun 28-də Belarus Demokratik Qüvvələri Konfransı Ukrayna Prezident Ofisinin Belarus müxalifətindən analoji müraciət aldığını elan etmişdi. Müraciətdə Lukaşenkonun Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsi və Belarus ərazisini Rusiya hücumları üçün təqdim etməsi ilə bağlı hüquqi müstəvidə addım atılması tələb olunur.
Müraciət müəllifləri Belarus rəhbərinin aşağıdakı ağır cinayətlərdə suçlanmasını təklif edirlər:
Təcavüzkar müharibə aparmaq;
Müharibə cinayətləri törətmək;
Terrorizmi maliyyələşdirmək;
Ukraynanın ərazi bütövlüyünə qəsd etmək;
Soyqırımı törətmək və müharibə təbliğatı aparmaq.
"Reuters" agentliyi qeyd edir ki, hazırkı mərhələdə Lukaşenkonun Ukrayna məhkəməsi qarşısına çıxarılması ehtimalı "yox dərəcəsindədir". Lakin aça biləcəyi ehtimal olunan bu cinayət işi Kiyev və Belarus müxalifəti tərəfindən Minskin üzərində siyasi və diplomatik təzyiqi artırmaq üçün "Qərbin əlində əlavə bir arqument" kimi istifadə oluna bilər.
“AzPolitika.info”

Şərhlər