Ukrayna Prezidenti Volodimir Zelenski hərbi qüvvələrin Rusiyaya qarşı həyata keçirdiyi növbəti irimiqyaslı və uzaqməsafəli xüsusi əməliyyatların təfərrüatlarını açıqlayıb. O, müharibəni Rusiyanın öz ərazisinə qaytaran ukraynalı döyüşçülərə təşəkkür edib.
"AzPolitika" xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə rəsmi bəyanatla çıxış edib. Zelenski vurğulayıb ki, Ukraynanın hədəfləri Rusiyanın müharibə aparmasını təmin edən strateji obyektlərdir.
Dövlət başçısının sözlərinə görə, ötən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən "orta mənzilli" zərbələr tətbiq olunub. Qara və Azov dənizlərinin akvatoriyasında düşmən obyektlərinə dəqiq zərbələr endirilib.
Əməliyyat çərçivəsində Rusiya bayrağı altında üzən və sanksiyalar siyahısında olan 100 min tondan çox su basımı həcminə malik "Yanina" konteyner gəmisi vurularaq batırılıb:
"Müdafiə Qüvvələrimizin səriştəsi sayəsində o, dənizin dibinə yuvarlandı", – deyə Zelenski qeyd edib.
Zelenski, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin (XUBY/SBU) Rusiya dərinliklərində keçirdiyi xüsusi əməliyyatın təfərrüatlarını bölüşüb. Ukrayna PUA-ları cəbhə xəttindən təxminən 1600 kilometr məsafədə yerləşən Başqırdıstandakı 3 neft emalı zavodunun (NEZ) infrastrukturunu hədəf alıb.
Həmin müəssisələrin ildə milyonlarla ton neft emal etdiyini xatırladan Prezident Zelenski vurğulayıb: "Biz öz ədalətli təzyiqimizi davam etdiririk. Uzaqməsafəli sanksiyalar planı addım-addım icra olunur".
“AzPolitika.info”

Şərhlər