Amerika Birləşmiş Ştatları avqustun 3-dən etibarən 50 ölkənin vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsi zamanı 20 min dollara qədər viza girovunu daimi qaydada tətbiq edəcək.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, bu qərar 2025-ci ilin avqustunda başlanmış pilot proqramın nəticələrinə əsaslanır.
"AzPolitika" xəbər verir ki, Pilot mərhələdə bəzi ölkələrin, o cümlədən 30 Afrika dövlətinin vətəndaşlarından ABŞ ərazisini vaxtında tərk etmələrini təmin etmək məqsədilə 5 mindən 15 min dollara qədər girov tələb olunurdu.
Yeni qaydaya əsasən, konsulluq əməkdaşları B-1 (işgüzar səfər) və B-2 (turizm) kateqoriyaları üzrə viza üçün müraciət edən şəxslərdən vizanın verilməsi şərti kimi 20 min dollara qədər girov tələb edə biləcəklər. Girovun məbləği müraciətçinin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək.
Rəsmi məlumatda qeyd olunur ki, pilot proqram viza şərtlərinə riayət olunmasının təmin edilməsində effektiv vasitə olduğunu göstərib. Buna görə də müvəqqəti proqram daimi xarakter alıb.

Şərhlər