Əlverişsiz hava şəraiti, Rusiya-Ukrayna qarşıdurması və Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar qlobal ərzaq bazarlarında qiymətlərin yeni artım dalğasına yol aça bilər.

"AzPolitika"nın məlumatına görə, Bloomberg agentliyinin yaydığı son hesabatlarda bu risklər xüsusi vurğulanır. Rusiya və Ukrayna birlikdə dünya buğda ticarətinin dörddə birindən artıqını, günəbaxan yağı ixracının təqribən üçdə ikisini və qarğıdalı ixracının onda birini təmin edir. Lakin Qara dəniz üzərindən tədarüklərin davamlı pozulması bu axını çətinləşdirməkdədir.

Avropada onilliklər ərzində ən kəskin taxıl məhsuldarlığı azalmasına səbəb ola biləcək ekstremal istilər, quraqlıq və meşə yanğınları vəziyyəti daha da mürəkkəbləşdirir. Bunun yanında ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar yanacaq və gübrə qiymətlərinin yüksəlməsinə təkan verib.

Bloomberg ekspertləri əlavə risk faktoru kimi Sakit okeanın səth sularının anormal isinməsi ilə müşayiət olunan El-Ninyo hadisəsini qeyd edir. Bu iqlim fenomeni ən iri düyü istehsalçısı və ixracatçılarına mənfi təsir göstərə, beləliklə qlobal ərzaq qiymətlərində əlavə təzyiq yarada bilər.

Son həftələrdə Bloomberg Kənd Təsərrüfatı Spot İndeksi üç illik maksimuma çatıb. Avropadakı isti dalğaları, Qara dənizdə artan hücumlar və Yaxın Şərq gərginliyinin yanacaq-gübrə bazarlarına vurduğu zərbə bu artımı sürətləndirib. Analitiklər xəbərdarlıq edir ki, əgər bu tendensiya davam edərsə, çörək, bitki yağları, ət və süd məhsulları kimi əsas ərzaq növlərinin qiymətləri əlavə yüksəlişlə üzləşə bilər.