Afinanın qərbindəki Psata ərazisində böyük meşə yanğınının söndürülməsi zamanı iki "Bell" yanğınsöndürmə helikopteri havada toqquşub, azı iki nəfər həlak olub.
"Report" Yunanıstanın "Skai" telekanalına istinadən xəbər verir ki, toqquşmadan sonra helikopterlərdən biri alışaraq yerə düşüb, ikincisi isə məcburi eniş edib.
Telekanalın məlumatına görə, birinci helikopterin heyəti operativ mərkəzlə əlaqə yaradıb. Pilot və onun köməkçisi yüngül xəsarətlər alıb, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. İkinci helikopter də tapılıb.
Bununla belə, "Documentonews.gr" portalı ikinci helikopterin heyətinin həlak olduğunu bildirib.
"Proto Thema" qəzetinin məlumatına görə, Yunanıstanın yanğınsöndürmə xidməti tərəfindən Rumıniyadan icarəyə götürülmüş hər iki helikopter Elefsindəki hərbi aerodromdan havalanıb. Hər iki hava gəmisinin pilotları Rumıniya vətəndaşları, uçuşu koordinasiya edən pilot köməkçiləri isə Yunanıstan vətəndaşlarıdır.

Şərhlər