Türkiyədə qalmaqallı rüşvət, mənimsəmə və tender fırıldaqçılığı ittihamları ilə araşdırma obyekti olan Ankara Etimesgut Bələdiyyə Başçısı, məşhur aktyor Erdal Beşikçioğlunun istintaqa verdiyi ifadənin təfərrüatları bəlli olub. Məşhur aktyor və bələdiyyə sədri haqqındakı bütün ittihamları rədd edib.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, istintaq materiallarında ən diqqətçəkən məqamlardan biri Beşikçioğlunun bəyan etdiyi aylıq gəliri və onun bank hesablarındakı uyğunsuzluq olub.

İfadəsi zamanı aylıq gəlirinin 2 milyon 500 min lirə (təxminən 120 min manatdan çox) olduğunu bildirən Beşikçioğlu bu məbləğin mənbəyini belə əsaslandırıb:

-Bələdiyyə başçısı maaşı;

-Rəhbərlik etdiyi "Tatbikat Sahnesi" teatrından əldə edilən bilet gəlirləri;

-Aktyorluq fəaliyyəti və müəllif hüquqları ödənişləri.

Lakin istintaq çərçivəsində tərtib edilən maliyyə analizi və bank hesablarının yoxlanılması zamanı aylıq 2.5 milyon lirəyə qarşılıq gələcək müntəzəm pul daxilolmaları aşkar edilməyib.

İş üzrə hazırlanan dosyeə görə, Beşikçioğlunun bank hesablarına kənardan daxil olan ümumi məbləğ 2024-cü ildə 6 milyon 101 min TL, 2025-ci ildə isə 9 milyon 468 min TL təşkil edib. İllik gəliri 30 milyon lirəyə çatmalı olan bələdiyyə sədrinin bank çıxarışları ilə bəyan etdiyi rəqəm arasında kəskin fərq müstəntiqlərin diqqətini çəkib.

Əmlak və mal varlığı ilə bağlı sualları da cavablandıran Erdal Beşikçioğlu sahib olduğu daşınmaz əmlakları və nəqliyyat vasitələrini tək-tək sadalayıb. Bələdiyyə sədrinin mülkiyyət siyahısı aşağıdakılardan ibarətdir:

-Ordu (Ünye): Fındıq bağları;

-İzmir (Çeşme / Ardıç): Mülkiyyətində olan fərdi yaşayış evi;

-İzmir (Urla): 50 faizlik paya sahib olduğu fərdi ev;

-İzmir (Güzelyalı): Mənzil;

-İstanbul (Büyükyalı): Lüks "loft" mənzil;

-Ankara (Güneş küçəsi): Mənzil;

-Balıkesir (Ayvalık): Paylı torpaq sahəsi;

-Nəqliyyat vasitələri: 2 ədəd motosiklet və "Audi A6" markalı minik avtomobili.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri və maliyyə araşdırmaları davam etdirilir.

Rasim

"AzPolitika.info"