Rusiya Silahlı Qüvvələri avqustun 2-nə keçən gecə Ukraynanı növbəti kütləvi pilotsuz uçuş aparatları (PUA) vasitəsilə atəşə tutub. Hücumlar nəticəsində mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib, dinc sakinlər arasında həlak olanlar və yaralananlar var.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukraynanın regional hərbi administrasiyaları və Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Kiyev vilayətinin Brovar rayonunda Rusiyaya məxsus iki PUA Ukraynanın aparıcı onlayn ticarət platforması olan "Rozetka"nın anbarına zərbə endirib. Şirkətin verdiyi məlumata görə, hücum zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, bu, sözügedən obyektə son iki gündə ikinci hücumdur - avqustun 1-də anbara endirilən zərbə nəticəsində 1 nəfər həlak olmuş, 7 nəfər isə yaralanmışdı.
Xarkov vilayətinin Korotıç kəndində isə poçt terminalı vurulub. Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, zərbə nəticəsində yük avtomobilləri, konteynerlər və avadanlıqlar yanaraq məhv olub. Yerli mənbələrin məlumatına görə, söhbət "Novaya poçta" şirkətinin terminalından gedir. Hücum nəticəsində 1 nəfər həlak olub.
Xarkov şəhərinin özündə isə PUA-lar İndustrial və Novobavar rayonlarını hədəf alıb. İndustrial rayona zərbələr zamanı 3 nəfər - 8 yaşlı qız, 13 yaşlı oğlan və 74 yaşlı yerli sakin yaralanıb.
Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkinin sözlərinə görə, son sutka ərzində bir neçə yaşayış məntəqəsi raket və artilleriya atəşinə tutulub. Drujkovka şəhərində 2 nəfər həlak olub. Slaviansk, Kramatorsk və Drujkovkada isə ən azı 4 nəfər xəsarət alıb, çoxmərtəbəli və fərdi yaşayış evləri dağılıb.
Poltava vilayətinə endirilən ron zərbələri iki sənaye müəssisəsinə və böhranlı infrastruktur obyektinə ziyan vurub. Vilayət rəhbəri Vitali Dyakivniç bildirib ki, bu səbəbdən bəzi ərazilərdə elektrik və qaz təchizatında müvəqqəti fasilələr yaranıb.
Xersonda PUA hücumlarından sonra iki qadın xəstəxanaya müraciət edib. Nikolayevdə isə yerli liseyin ərazisində yanğın baş verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi açıqlamasına görə, Rusiya ordusu gecə saatlarında ölkə ərazisinə ümumilikdə 133 zərbə PUA-sı buraxıb. Onlardan 109-u hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Bununla belə, 24 dronun 19 fərqli məkanda hədəflərə dəydiyi təsdiqlənib.
Rusiya Müdafiə Nazirliyi isə Nikolayev limanındakı buksir gəmisinə, Odessadakı neft rezervuarlarına və Qara dənizdəki bir quru yük gəmisinə zərbələr endirdiyini iddia edib. Lakin bu iddiaların müstəqil mənbələr tərəfindən təsdiqi yoxdur.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər