Ermənistan Baş naziri Nikol Paşinyanın müvafiq qərarı ilə Lilit Makunts Baş nazir Aparatının rəhbəri vəzifəsinə təyin edilib. Sərəncamdan öncə alınan digər bir qərarla isə o, Baş nazirin baş müşaviri vəzifəsinin icrasından azad olunub.
"AzPolitika" xəbər verir ki, Lilit Makunts bu postda Araik Harutyunyanı əvəz edib. Harutyunyan parlament seçkisindən sonra deputat kimi fəaliyyətə başladığı üçün onun səlahiyyətlərinə xitam verilmişdi.
Lilit Makunts Ermənistanın siyasi və diplomatik korpusunda tanınan simalardan biridir. O, 2021–2025-ci illərdə Ermənistanın Amerika Birləşmiş Ştatlarındakı səfiri vəzifəsində çalışıb.
Diplomatik xidmətdən öncə - təxminən iki il yarım ərzində isə Ermənistan Milli Məclisində hakim "Mənim addımım" fraksiyasına rəhbərlik edib. Makunts 2026-cı il parlament seçkilərində hakim "Vətəndaş Müqaviləsi" partiyasının siyahısından deputat seçilsə də, sonradan mandatından imtina etmişdi.
“AzPolitika.info”

Şərhlər