Qara dənizdə kömür ixracı üçün mövcud gəmilərin sayı Ukraynanın müntəzəm hücumları səbəbindən kəskin şəkildə azalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Son məlumatlara görə, bu gəmilərin sayı əvvəlki aya nisbətən 21%, bir il əvvəlkinə nisbətən isə 28% az olub. Ümumilikdə yalnız 97 yük daşıyıcısı işini davam etdirə bilir.

Sığorta şirkətləri artıq Azov-Qara dəniz hövzəsinə daxil olan gəmilər üçün sığorta verməkdən imtina edirlər. Nəticədə, orta və böyük tonnajlı toplu yük daşıyıcıları digər sulara yönləndirilir, həmin sulardan keçə bilməyən kiçik tonnajlı gəmilər isə vəziyyət normallaşana qədər işə çıxa bilməyəcək. Bu problemlər səbəbindən Rusiya ixracatçıları son bir həftə ərzində Qara dənizdə bir dənə də olsun kömür satışı həyata keçirməyiblər. Mütəxəssislər qeyd edirlər ki, bu, Rusiya ixracını pisləşdirə, lokal gecikmələrə və kömür ixracının həcminin azalmasına səbəb ola bilər.

Bundan öncə, Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin (UPS) komandiri Robert Brovdi ("Madyar") 18 iyulda Ukrayna qüvvələrinin "Moloçka" əməliyyatı çərçivəsində 172 Rusiya gəmisini sıradan çıxardığını açıqlamışdı. Bunlardan 118-i Azov dənizində, 54-ü isə Qara dənizdə vurulub.

“AzPolitika.info”