Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehdi Əmrahov ifadə verib.
Təqsirləndirilən şəxs bildirib ki, ittihamlar üzrə özünü qismən təqsirli bilir.
O, dövlət ittihamçısının binanın tikintisi ilə bağlı keçirilən tenderlə bağlı sualına cavab olaraq bildirib ki, tender qaliblərinin seçilməsi ilə əlaqəsi olmayıb, bununla mühasib məşğul olub.
Prokuror əlaqəsi olmadığı təqdirdə istintaq zamanı dəyən ziyanın 160 min manatını niyə ödədiyini soruşub. Təqsirləndirilən bunu bilmədiyini, dəyən ziyandan 30 min manat ödədiyini bildirib.
Daha sonra kadrlar şöbəsinin əməkdaşı Yeganə Eyvazova iş üzrə şahid qismində ifadə verib.
Məhkəmənin növbəti prosesi 21 sentyabra təyin edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Zərəçəkən qismində Səhiyyə Nazirliyi tanınıb.
Mehdi Əmrahov məhkəmənin ilk prosesində məhkəmə zalında həbs edilib.

Şərhlər