Almaniya ordusu Litvada, Belarus sərhədinin bilavasitə yaxınlığında xüsusi radioelektron mübarizə (REM) bölməsini yerləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.

"Alman əsgərləri Litvada elektromaqnit məkanını müşahidə edirlər. Onlar radio və radiolokasiya sistemlərinin siqnallarını ələ keçirirlər. Əldə edilən məlumatlar NATO-nun vahid koordinasiya mərkəzinə göndərilir və burada alyansın digər bölmələri onlardan istifadə edir", - məqalədə bildirilir.

Alman qüvvələrinin maskalanmış mövqeləri və mobil kompleksləri Litva ilə Belarusun dövlət sərhədi boyu yerləşir. Bu ərazi "şüşə döyüş meydanı" adlandırılır. Orada məlumatların gecə-gündüz ələ keçirilməsi, tezliklərin monitorinqi və radiolokasiya sistemlərinin siqnallarının şifrəsinin açılması həyata keçirilir.

Almaniya komandanlığı həmçinin REM xüsusi təyinatlılarının piyada qruplarını da cəlb edir. Hərbi qulluqçular kommunikasiya infrastrukturu olmayan zonalarda avtonom rabitə şəbəkələri qurmaq üçün 30 kiloqramlıq bel çantası komplekslərindən istifadə edirlər.