Rusiya Prezidenti Vladimir Putinin Krasnoyarskka səfəri ərəfəsində şəhərdəki yanacaqdoldurma məntəqələrində benzinin qiyməti kəskin şəkildə aşağı düşüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya mediası yerli sakinlərə və sosial şəbəkə paylaşımlarına istinadla məlumat yayıb.Məlumata görə, avqustun 3-də səhər saatlarından etibarən şəhərdəki yanacaqdoldurma məntəqələrində benzinin litri keçən həftə ilə müqayisədə orta hesabla 20-25 rubl ucuzlaşıb. Bununla yanaşı, sürücülərə satılan yanacağın həcminə qoyulan məhdudiyyətlər də götürülüb.
Keçmiş şəhər şurasının deputatı İqor Qrinşov bildirib ki, YDM operatorlarının sözlərinə görə, şəhərdə yaranan qıtlığı aradan qaldırmaq və qiyməti salmaq üçün AI-92 və AI-98 markalı benzin təcili olaraq Omskdan, AI-95 isə Açinskdən gətirilib.
Bölgənin yanacaq şirkəti ("Krasnoyarsknefteprodukt") isə ucuzlaşmanı "logistikanın müvəqqəti yaxşılaşması" ilə izah etməyə çalışıb və daxil olan yanacaq həcmi bitdikdən sonra qiymətlərin yenidən qalxa biləcəyini istisna etməyib.Qeyd olunur ki, oxşar hal bir həftə əvvəl Putinin İrkutsk şəhərinə səfəri zamanı da yaşanmışdı. Həmin vaxt da Kremlin rəhbərinin gəlişi ərəfəsində şəhərdəki bütün YDM-lərdə benzinin qiyməti kəskin şəkildə aşağı salınmışdı.
Səfər çərçivəsində Putin Krasnoyarsk diyarının qubernatoru Mixail Kotyukovla da görüşüb. Qubernator bölgədəki iqtisadi artımla öyünsə də, şəhərdə 1995-ci ildən bəri tikintisi başa çatmayan metrosu ilə bağlı problemləri gizlədə bilməyib. Putin növbəti dəfə metro tikintisinə kömək edəcəyinə söz verib. Qeyd olunur ki, bu, Kremlin rəhbərinin Krasnoyarsk metrosu ilə bağlı verdiyi artıq 4-cü vədlər sırasına daxildir.
Rasim
"AzPolitika.info"

Şərhlər