İyulun ortalarından bəri Rusiyanın qərb limanlarından Hindistana “Urals” markalı neftin dəniz yolu ilə daşınma xərcləri təxminən 50 faiz artıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi treyderlərə istinadən məlumat yayıb.
Bazar iştirakçılarının sözlərinə görə, tariflərin bu dərəcədə yüksəlməsi dəniz yükdaşımalarının ümumi bahalaşması, eləcə də dron hücumları riskinin artması səbəbindən Rusiya limanlarına daxil olmağa razılıq verən gəmilərin kəskin qıtlığı ilə bağlıdır.
Məlumata görə, iyul ayında Qara dənizdə tankerlərə edilən silsilə dron hücumları Novorossiysk limanında və Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) terminalında neft vurulmasının müvəqqəti dayanmasına səbəb olub. Riskdən yayınmaq istəyən bir çox gəmi sahibi Qara dəniz hövzəsinə daxil olmaqdan imtina edib ki, bu da gəmi tapılmasını çətinləşdirib və çatdırılmalarda gecikmələrə yol açıb.
Tariflərdəki kəskin artım rəqəmlərdə:
-Baltik dənizi (Primorsk) – Hindistan marşrutu: "Aframax" tipli tankerlərlə 100 min tonluq neft partiyasının daşınma haqqı iyulun ortalarındakı 8–9 milyon dollardan 13 milyon dollara yüksəlib.
-Qara dəniz (Novorossiysk) – Hindistan marşrutu: "Suezmax" tipli tankerlərlə 140 min tonluq partiyanın daşınması isə 10 milyon dollardan 15 milyon dollara çataraq rekord vurub.
Bütün bu çətinliklərə baxmayaraq, Rusiya Asiya alıcılarının sabit tələbatı sayəsində avqust ayında qərb limanlarından neft ixracını artırmağı planlaşdırır. Lakin “Reuters” mənbələri vurğulayır ki, mövcud gəmi qıtlığı bu planların həyata keçirilməsini ciddi şəkildə məhdudlaşdıra bilər.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər