Rusiya Ermənistandan idxal edilən daha 70 min şüşə su və qazlı içkinin satışını dayandırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb.

Məlumata görə, "Dürüst İşarə" ("Çestnıy ZNAK") dövlət etiketləmə sisteminin operatoru olan CRPT şirkəti Rospotrebnadzorun göstərişləri əsasında Ermənistandan gətirilən 70 mindən çox şüşə içməli su və qazlı içkinin satışını bloklayıb. Qərarın istehsalçıların məcburi məhsul tələblərini pozması səbəbindən verildiyi bildirilib.

Məhdudiyyətlər "RRR" mineral su zavodunun istehsal etdiyi "BJNI" mineral və süfrə suyu, həmçinin Ermənistanın "WATERLOCK" şirkətinin istehsal etdiyi uşaq suyu, "Prosto Azbuka" markalı təbii içməli su və "Arsen ev Nerses" MMC-yə məxsus DARBAS markalı alkoqolsuz "Mojito" içkisinə şamil olunub.

CRPT-nin baş direktorunun müavini Revaz Yusupov bildirib ki, Rospotrebnadzorun müəyyən etdiyi məhsul partiyalarının satışı bütün zəruri yoxlamalar başa çatana qədər həm pərakəndə satış məntəqələrində, həm də onlayn platformalarda qadağan edilib.

Onun sözlərinə görə, etiketləmə sistemi ölkədə fəaliyyət göstərən bütün kassa aparatları ilə inteqrasiya olunub ki, bu da təhlükəli hesab edilən məhsulların satışının dərhal dayandırılmasına və istehlakçı hüquqlarının qorunmasına imkan verir.

Qeyd edək ki, may ayının sonundan etibarən Rusiya Ermənistandan idxal olunan spirtli içkilər, tərəvəz, meyvə, çiçək və digər məhsullara da ardıcıl şəkildə müxtəlif məhdudiyyətlər tətbiq edib. Rusiya tərəfi bu tədbirlərin müvəqqəti xarakter daşıdığını və məhsulların təhlükəsizliyi ilə bağlı olduğunu bildirsə də, Ermənistan hakimiyyəti həmin məhdudiyyətlərin siyasi motivli olduğunu iddia edir.

E. Səlimov

AzPolitika.info