Azərbaycanda dəmir yollarının təhlükəsizlik zonalarının istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.
"AzPolitika" xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Yeni qaydalara əsasən, dəmir yolu xəttinin hər iki tərəfində 11 metr məsafəni əhatə edən təhlükəsizlik zonası yaradılacaq. Həmin ərazilərdə xüsusi istifadə rejimi tətbiq olunacaq və giriş yalnız müəyyən edilmiş texniki keçidlər vasitəsilə mümkün olacaq.
Sənədə əsasən, təhlükəsizlik zonalarında hündürlüyü 2,2 metrdən çox olmayan qoruyucu çəpərlər quraşdırılacaq, xəbərdarlıq nişanları yerləşdiriləcək və ərazi 24 saat videomüşahidə sistemi ilə nəzarətdə saxlanılacaq.
Qaydalara görə, bu zonalarda dəmir yolunun normal fəaliyyətinə mane ola biləcək hər hansı işlərin görülməsi, kənd təsərrüfatı heyvanlarının saxlanılması, ərazilərin istifadəyə verilməsi, bostan və tərəvəz əkilməsi, otlaq kimi istifadə və digər məqsədlərlə yararlanmaq qadağan ediləcək.
Həmçinin təhlükəsizlik zonasında dəmir yolu infrastrukturu ilə əlaqəsi olmayan bina və qurğuların, modul konstruksiyaların yerləşdirilməsi, torpaq qazıntıları aparılması, qum, gil və digər tikinti materiallarının çıxarılması mümkün olmayacaq.
Təmir-bərpa işləri üçün təhlükəsizlik zonasına daxil olmaq istəyən şəxslər və nəqliyyat vasitələri isə yalnız "Azərbaycan Dəmir Yolları" QSC-nin razılığı ilə buraxılacaq. Müraciətlərə qurum tərəfindən 1 iş günü ərzində baxılacaq və nəticə barədə məlumat veriləcək.

Şərhlər