ABŞ Rusiyanın Müdafiə Nazirliyinin bir sıra strukturlarına, iki Rusiya şirkətinə və bir qrup Rusiya vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Sanksiyalar Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinə, Silahlı Qüvvələrin 1061-ci Maddi-Texniki Təminat Mərkəzinə, Müdafiə Nazirliyinin Perspektivlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsinə, eləcə də Rusiya Quru Qoşunlarına şamil edilib. Məhdudiyyətlər həmin qurumların hüquqi varislərinə, tabeli bölmələrinə və törəmə müəssisələrinə də aid edilir.
Bundan başqa, iki Rusiya şirkəti və bir qrup Rusiya vətəndaşı da sanksiya siyahısına daxil edilib.
ABŞ Dövlət Departamentindən bildirilib ki, sanksiyalar həmin şəxslər və qurumların İran, Şimali Koreya və Suriya ilə bağlı Kütləvi Qırğın Silahlarının Yayılmamasına dair ABŞ qanunvericiliyi çərçivəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqini əsaslandıran fəaliyyətlə məşğul olmaları səbəbindən tətbiq edilib.

Şərhlər