ABŞ Maliyyə naziri Skott Bessent bəyan edib ki, aparılan danışıqlar nəticəsində tərəflər Hörmüz boğazında gəmiçiliyin bərpasına dair sazişin bağlanmasına çox yaxınlaşıblar.
“AzPolitika.” xəbər verir ki, bu barədə nazir “CNBC” kanalına müsahibəsində bildirib.
“Biz İranla danışıqlar aparırıq və hesab edirəm ki, razılaşma bu gün və ya sabah əldə oluna bilər”, - deyə Bessent təfərrüatlara varmadan vurğulayıb.
“Axios” nəşri öz mənbələrinə istinadla yazır ki, razılaşmanın avqustun 5-də elan olunması gözlənilir və Vaşinqton məhz buna nail olmağa çalışır. ABŞ rəsmilərindən biri nəşrə təsdiqləyib ki, İran rəhbərliyi artıq saziş layihəsini bəyənib.
Söhbət İran və Oman arasında 60 günlük müvəqqəti razılaşmadan gedir. Şərtlərə əsasən, Hörmüz boğazına və Fars körfəzinə daxil olan gəmilər şimal marşrutu ilə (İran suları), boğazdan çıxan gəmilər isə cənub marşrutu ilə (Oman sahilləri) hərəkət edəcəklər. İranın tələb etdiyi və ABŞ-nin qarşı çıxdığı Tranzit rüsumları isə bu müddət ərzində toplanmayacaq.
Paralel olaraq, ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İrana xəbərdarlıq edib: “Bizim onlar yaxşı danışıqlarımız gedir. Əgər bu danışıqlar boşa çıxarsa, İrana çox ağır zərbə vuracağıq”.
Tramp əminliklə bildirib ki, boğazda gəmiçilik ya danışıqlar, ya da hərbi əməliyyat nəticəsində mütləq bərpa olunacaq.
İran rəsmiləri hələlik məsələyə rəsmi reaksiya verməyiblər. Tehran bundan əvvəl danışıqların ABŞ-nin iştirakı olmadan, yalnız Oman vasitəsilə aparıldığını bəyan etmişdi.
Qeyd edək ki, dünya bazarına çıxarılan neft və qazın təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı ABŞ və İsrailin mart ayında İrana endirdiyi zərbələrdən sonra blokadaya alınmışdı. İyun ayında hərəkət qismən bərpa olunsa da, İyulda Tehran blokadanı yenidən sərtləşdirmişdi.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər