Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı müxalif qüvvələrin bir araya gəlməsi üçün danışıqlar prosesinə start verilib. "Güclü Erməniston" alyansının lideri, ev dustaqlığında olan iş adamı Samvel Karapetyan müxalifətin konsolidasiyası istiqamətində müzakirələrin başladığını bəyan edib.

Karapetyanın sözlərinə görə, əsas hədəf hakimiyyətin birdəfəlik və qanuni yolla kənarlaşdırılmasıdır. Danışıqlar prosesinin parlament mandatları və küçə etirazlarının sintezi şəklində aparılması planlaşdırılır. 

İş adamı əsas müxalifət liderlərinin bir çoxunun həbsdə olduğunu xatırladaraq, hazırda azadlıqda olan nümayəndələrlə kontaktların qurulduğunu bildirib: "Hakimiyyəti kənarlaşdırmaq məsələsində səmimiliyinə inandığımız bütün qüvvələrlə əməkdaşlıq edəcəyik. Lakin özünü müxalifət kimi göstərən, əslində isə proksi olan qüvvələr də var".

Erməni mediasının əldə etdiyi məlumata görə, konsolidasiya müzakirələri ikinci prezident Robert Köçəryan, birinci prezident Levon Ter-Petrosyan və iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi düşərgələrlə aparılır. "Hayastan" fraksiyasının deputatı İşxan Saqatelyan da Karapetyanla görüşdüyünü və birgə mübarizə imkanlarının nəzərdən keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, Ermənistanda seçkilərdən sonra müxalifət liderlərinə qarşı təzyiqlər kəskinləşib. Qaqik Tsarukyan həbs olunub və obyektləri dövlət idarəçiliyinə verilib, Robert Köçəryana qarşı yeni cinayət işi açılıb. İş adamı Samvel Karapetyan isə hələ bir il əvvəl - Erməni Həvari kilsəsini müdafiə etdikdən dərhal sonra hakimiyyəti qəsb etməyə çağırış və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb. Nikol Paşinyan isə bu koalisiyanı "üçbaşlı partiya" adlandıraraq onları seçki rüşvəti verməkdə və qanunsuzluqda günahlandırır.

Rasim Əliyev

"AzPolitika.info"