Rusiyanın qərbində Şimali Koreyanın raket bölməsi yerləşdirilməyə başlayıb. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Çernyak “Reuters” agentliyinə açıqalmasında deyib.

O bildirib ki, bu bölmənin Ukraynaya zərbələr endirmək üçün 120 ballistik raket və altı buraxılış qurğusu ilə təchiz olunacağı ehtimal olunur.

Çernyakın sözlərinə görə, Rusiya Voronej vilayətindəki 112-ci Raket Briqadasının tərkibində təxminən 90 Şimali Koreya əsgərindən ibarət raket bölməsi yerləşdirməyi planlaşdırır. 

Ukrayna kəşfiyyatının sözçüsü deyib ki, Şimali Koreya artıq Rusiyaya 40 ədəd KN-23 və KN-24 raketləri, eləcə də bunun üçün lazım olan personaldan ibarət yeni bir partiya göndərib. Lakin raketlərin son yerləşdirilmə konfiqurasiyası və ümumi sayı gələn ay keçiriləcək yüksək səviyyəli danışıqlar zamanı razılaşdırılacaq. Şimali Koreyalıların Rusiya raket əməliyyatlarında hansı rol oynayacağı hələ məlum deyil.

Agentlik qeyd edib ki, "Çernyakın təsvir etdiyi yerləşdirmə Rusiyanın ötən ilin avqustundan bəri Ukraynaya ilk iki Şimali Koreya raketini atması ilə üst-üstə düşür".

ABŞ-dəki Xarici Siyasət Tədqiqat İnstitutunun baş elmi işçisi Rob Li Şimali Koreya silahlarının Kiyev üçün ciddi təhlükə yaratdığını vurğulayıb: "Raketdən müdafiə Ukraynanın ən həssas nöqtələrindən biridir, buna görə də ona yönələn ballistik raketlərin sayının artması daha da böyük problem yaradacaq".

Ukrayna hakimiyyətinin məlumatına görə, ötən həftə Şimali Koreya raketi Raduşne kəndində (Dnepropetrovsk vilayəti) yaşayış binasını dağıdıb və bir ailənin ən azı beş üzvünün ölümünə səbəb olub. Çernyak bildirib ki, bu hücum 2025-ci ilin avqustundan bəri Şimali Koreyanın ballistik raketlərindən ilk dəfə istifadə edilməsi halıdır. O iddia edib ki, hazırda Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk vilayətində təxminən 9500 Şimali Koreya əsgəri var, lakin onlar hazırda Ukraynaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etmirlər. Buna baxmayaraq, Rusiya Koreya raketlərindən intensiv şəkildə istifadə etməyə başlayıb.

“AzPolitika.info”