Rusiya Prezidenti Vladimir Putin daxili siyasətdə nəzarətin onun əlində olduğunu göstərmək və Dövlət Dumasına keçiriləcək sentyabr seçkiləri öncəsi hakim "Yedinaya Rossiya" partiyasının düşən reytinqini qaldırmaq məqsədilə Krasnoyarska səfər edib.
Lakin Kremlin bu təbliğat yürüşü fonunda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Avropa hissəsindəki obyektlərə dalbadal endirdiyi dron zərbələri və ölkədə kəskinləşən yanacaq böhranı cəmiyyətdəki təşvişi pik həddə çatdırıb.
Putinin Krasnoyarsk səfərinin rəsmi bəhanəsi "Böyük dəyişiklik" müsabiqəsinin finalı olub. Dövlət başçısı burada uşaqlarla görüşüb, onlarla futbol oynayıb və "Qələbə nədir?" sualına "özünə qalib gəlməkdir" kimi fəlsəfi cavablar verib.
Lakin səfərin pərdəarxasında tam fərqli mənzərə dayanır. Səfərdən bir gün əvvəl, avqustun 3-də Krasnoyarskda Aİ-92 markalı benzinin qiyməti birdən-birə 20 rubl ucuzlaşaraq litri 63 rubla endirilib və satışa qoyulan limitlər ləğv olunub. Lakin avqustun 4-də, Putin şəhərdən ayrılan kimi qiymətlər dərhal əvvəlki yüksək həddinə qayıdıb. Putin son 8 ildə 4-cü dəfə krasnoyarsklılara şəhərdə metro tikiləcəyini vəd edib.
Putin ölkənin şərqində uşaqlarla görüşüb "Yedinaya Rossiya"nın rəmzi olan ağ ayı ilə qucaqlaşdığı saatlarda, Rusiyanın Avropa hissəsi Ağ Evin və Ukrayna PUA-larının ağır zərbələrinə məruz qalıb. Gəlincikdə çimərliyə düşən və ehtimal ki, Rusiyanın HHM vasitələri tərəfindən vurulan Ukrayna dronu nəticəsində 7 dinc sakin həlak olub. Bu hadisə baş verən fonda Baş nazir Mixail Mişustin Qorno-Altayskda daxili turizmin inkişafından danışırdı.
Moskva vilayətin yerləşən "Wildberries" marketpleysinin obyektinə endirilən PUA zərbəsi nəticəsində isə 5 nəfər həyatını itirib. Krasnı Bor qəsəbəsində və Samara vilayətində "Wildberries" logistika mərkəzləri PUA hücumlarından sonra tamamilə yanaraq külə dönüb.
Kiyev bəyan edir ki, Rusiyanın hərbi, energetika və logistika obyektlərini vurmaqda məqsəd Kremlin təcavüzkar müharibə aparmaq imkanlarını iflic etməkdir. Eyni zamanda Ukrayna tərəfi hərbi əməliyyatların dayandırılması üçün bir neçə atəşkəs variantı təklif etsə də, Moskva bundan imtina edir.
İctimai Rəy Fondunun (FOM) son sorğularına görə, 24-29 iyul tarixləri arasında rusiyalılar arasında gərginlik və təşviş hissi keçirənlərin payı 53%-dən 57%-ə qalxıb ki, bu da son 4 ilin rekordu hesab olunur.
Mövcud vəziyyəti şərh edən politoloq Ruslan Aysin bildirir ki, Kremlin əhali ilə bağladığı "mülki hüquqlar müqabilində təhlükəsizlik və rifah" sosial müqaviləsi artıq mövcud deyil:
"Rusiya hakimiyyətinin Ukrayna dronlarına karşı heç bir effektiv müdafiə mexanizmi yoxdur. Logistika mərkəzlərinə və 'Wildberries' anbarlarına endirilən zərbələr Rusiya hərbi maşınının və xüsusi xidmət orqanlarının acizliyini açıq şəkildə nümayiş etdirir. Əhalini ən çox qorxudan məsələ isə payız və qış aylarında istiliksiz və işıqsız qalmaq ehtimalıdır. Rusiya hakimiyyətinin hər bir podstansiyanın yanına HHM sistemi qoymaq imkanı yoxdur".
Analitikin fikrincə, cəmiyyətdə toplanan bu gərginlik açıq etirazlara icazə verilmədiyi üçün alkoqolizmin artmasına, psixoloji pozuntulara və "daxili emiqrasiyaya" gətirib çıxaracaq. Regionların mərkəzdən təcrid olunması və təsərrüfat əlaqələrinin qırılması isə Putinin en böyük qorxusu olan Rusiyanın ərazi bütövlüyünün və idarəetmə sisteminin dağılması riskini reallaşdırır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər