Bakıda tanınmış mağazalar şəbəkələrindən birində satıcı işləyən keçmiş həyat yoldaşını öldürməyə cəhd edən Fəxrəddin Quliyevin cinayət işinin məhkəməsi yekunlaşıb.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əskərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənə hökm oxunub. O, 14 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror təqsirləndirilənin 15 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 1992-ci il təvəllüdlü Fəxrəddin Quliyev mübahisə zəminində keçmiş həyat yoldaşı 1995-ci il təvəllüdlü Leyla Quliyevaya 14 bıçaq zərbəsi endirərək ona ağır xəsarətlər yetirib.
Leyla Quliyeva xəstəxanaya çatdırılaraq həyatı xilas edilib.
Fəxrəddin Quliyev isə şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Şərhlər