Vaşinqton administrasiyası ABŞ-də əhaliyə yardım üçün nəzərdə tutulmuş bir sıra federal proqramlarla bağlı 230 milyard dollar məbləğində dələduzluq sxemləri aşkarlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens "The Washington Post" qəzetində dərc olunan məqaləsində bildirib.

O vurğulayıb ki, ABŞ-nin hazırkı rəhbərliyi 2025-ci ilin yanvarında fəaliyyətə başladığı vaxtdan bəri "Medicare" və "Medicaid" tibbi proqramları, ərzaq yardımı, amerikalılara güzəştli kreditlərin verilməsi, eləcə də digər federal dəstək proqramları ilə əlaqədar təxminən 230 milyard dollarlıq dələduzluq halı aşkarlayıb.

"Daxili analitik qiymətləndirmələrimizə əsasən, biz artıq dələduzlara hər il ödənilən 56 milyard dollarlıq vəsaitin qarşısını ala bilmişik", - deyə Vens əlavə edib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti bu qanun pozuntuları ilə bağlı aparılan araşdırmalar çərçivəsində cərimə və təzminat şəklində 55 milyard dollara yaxın vəsait toplayıb.

Vens əmin edib ki, bu istiqamətdə işlər "yeni başlayır". Vitse-prezidentin sözlərinə görə, ABŞ hökuməti bu sahədə "yeni mərhələ" müəyyənləşdirib. O, bununla əlaqədar Konqresi bu cür sui-istifadə hallarının qarşısının alınmasına yönəlmiş bir sıra qanun layihələrini təsdiqləməyə çağırıb.(oxu.az)