ABŞ-nin Səhiyyə Nazirliyi hələ vəfat etməyən xəstələrin daxili orqanlarını götürməyə cəhd edən "Network of Hope" donor xidmətinin akkreditasiyasının ləğv edilməsi prosesinə başlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Robert Kennedi Leksinqtonda çıxışı zamanı məlumat verib.

"Federal yoxlama təxminən 30% hal üzrə ciddi pozuntular aşkar edib. Biz orqan donorluğuna hazırlıq üzrə protokola daxil edilmiş xəstələr müəyyən etdik, lakin onlar orda olmalı deyildilər. Biz tibbi qərarların qəbulunda, eləcə də xəstələrin təhlükəsizliyinin təmini sistemlərində dəfələrlə təkrar edilən səhvlər aşkarladıq", - deyə o bildirib.

ABŞ Səhiyyə Nazirliyi 2021-ci ildən 2024-cü ilə qədər olan 351 halı araşdırıb: hansı ki, o zaman donorluq təşkilat tərəfindən razılaşdırılmışdı, lakin tamamlanmamışdı. Qurumun məlumatına görə, 103 halda pozuntular aşkar edilib, o cümlədən 73 halda nevroloji simptomları olan xəstələrdə orqanların çıxarılıb götürülməsinə icazə verilib. Lakin qanunvericiliyə görə, bu, prosedur üçün maneə hesab olunur. Bundan əlavə, bəzi potensial donorlar orqanların çıxarılmasına başlandığı zaman sağ olublar.

Həmçinin "The Washington Post" qəzeti qeyd edir ki, qurum tərəfindən araşdırılan hallardan biri də 2021-ci ildə orqanlarını çıxarmağa hazırlaşdıqları zaman əməliyyat masasında oyanan Kentukki sakini Ti Cey Huver ilə bağlı insident də var. Robert Kennedi ilə mətbuat konfransında iştirak edən Ti Cey Huverin bacısı Donna Rorer bildirib ki, "Network of Hope" koordinatorları hətta qardaşı gözlərini açdığı zaman belə həkimlərə proseduru həyata keçirmələri üçün təzyiq göstərirmişlər.

"O, çırpınır, ağlayır və həkimin əlindən tutaraq onu dayandırmağa çalışırdı. Qardaşım həmin gün az qala öləcəkdi. Bu, heç kimin başına gəlməməlidir", - deyə o qeyd edib.

"Network of Hope" insidenti Donald Tramp Administrasiyasının donor təşkilatını bağladığı ikinci hal olub. Sentyabr ayında Mayamidə yerləşən "Life Alliance Organ Recovery Agency" qrupu idarəetmədəki qüsurlar və xəstələrin təhlükəsizlik qaydalarının pozulmasına görə akkreditasiyadan məhrum edilib. ABŞ-də təxminən 50 donor təşkilatı fəaliyyət göstərir.(oxu.az)