Milliləşdirilmiş "Tuapse Dəniz Ticarət Limanı" MMC öz keçmiş sahibi, azərbaycanlı iş adamı Şahlar Novruzova qarşı məhkəmə iddiası qaldırıb və dəymiş zərərin ödənilməsini tələb edib.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Rusiyanın arbitraj məsələləri kartotekasında yer alıb.

İş materiallarında hələlik tələb olunan məbləğ açıqlanmayıb. Rusiya Baş Prokurorluğu və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik (Rosimuşçestvo) iş üzrə iştirak üçün üçüncü tərəf kimi cəlb edilib.

"Spark-İnterfaks" sisteminin məlumatına görə, "Tuapse Dəniz Ticarət Limanı" MMC 2008-ci ildə qeydiyyatdan keçib. Müəssisənin nizamnamə kapitalı 278.2 milyon rubl təşkil edir. Əsas fəaliyyət növü özünə məxsus və ya icarəyə götürülmüş qeyri-yaşayış əmlakının icarəsi və idarə edilməsidir. İlkin olaraq şirkət Oleq Basinə məxsus olub, lakin 2014-cü ildə mülkiyyət hüququ Şahlar Novruzova keçib, 2015-ci ildən isə Britaniya Virgin adalarının ofşor zonasında qeydiyyatdan keçmiş "Vonixel Limited BVI" şirkəti benefisiar olub.

2025-ci ilin dekabr ayında Krasnodar diyarının Arbitraj Məhkəməsi Rusiya Federasiyası baş prokuror müavininin "Tuapse Ticarət Dəniz Limanı" MMC-nin nizamnamə kapitalındakı səhmlərin 100%-nin əldə edilməsi üzrə razılaşmanın etibarsız hesab edilməsi və onların dövlət gəliri kimi müsadirə edilməsinə dair iddiasını təmin edib. Məhkəmə həmçinin limanla əlaqəli bir neçə əmlak obyektinin, o cümlədən avtomobil yollarının və yanalma körpülərinə girişlərin müsadirə edilməsi barədə qərar qəbul edib.

Nəzarət orqanının məhkəmənin razılaşdığı əsas arqumenti xarici ölkələrin rezidentləri tərəfindən Rusiya Federasiyası üçün strateji əhəmiyyət kəsb edən aktivlərin əldə edilməsi prosedurlarının pozulması olub. Qara dəniz sahilində kritik əhəmiyyətli nəqliyyat infrastrukturunun yaxınlığında yerləşən Tuapse limanındakı yükdaşıma obyektləri xarici investorlar Şahlar Novruzov və Qeorqiu Yorqus (Kipr) və "Vonixel Limited" (Britaniya Virgin adaları) tərəfindən idarə olunurdu. Xarici sahibkarlar tərəfindən bu cür aktivlərin əldə edilməsi Rusiya hökuməti və Federal Antiinhisar Xidməti tərəfindən təsdiqlənməli olduğu halda bu, həyata keçirilməyib.

2026-cı ilin fevral ayında On Beşinci Arbitraj Apelyasiya Məhkəməsi iş adamının milliləşdirmə qərarına qarşı apelyasiya şikayətini rədd edərək, onun qanuniliyini təsdiqləyib.