Rusiya ukraynalı hərbi əsirləri döyüş bölmələrinə cəlb etməkdə davam edir.

"AzPolitika" xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məqaləsində qeyd olunub. Bildirilib ki, avqustun 6-da Rusiya Müdafiə Nazirliyi "Spetsnaz" adlı ukraynalı könüllü briqadasını yaratdığını elan edib. Qeyd olunur ki, bu birliyin tərkibinə ukraynalı hərbi əsirlər və Rusiya tərəfinə keçdiyi iddia edilən keçmiş Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri daxil edilib.

Məlumata əsasən, Rusiya hərbçiləri bu briqadanı qeyri-nizami hesab edilən bir neçə "könüllü" bölmənin, o cümlədən Maksim Krivonos və Aleksey Berest adına taborların, həmçinin Aleksandr Matrosov, Martin Puşkar və Slobodskoy adına dəstələrin birləşdirilməsi nəticəsində formalaşdırıb. Bildirilir ki, bu qruplaşmaların hamısı qismən ukraynalı əsirlərdən və ya Rusiyanın tərəfinə keçdiyi deyilən ukraynalı əsgərlərdən ibarətdir.

Bir rusiyalı hərbi bloqer sözügedən yeni briqadanın ukraynalı hərbi əsirlərdən ibarət olduğunu təsdiqləyib. Müharibənin Öyrənilməsi İnstitutu Rusiyanın ukraynalı əsirlərdən ibarət döyüş bölmələri yaratması ilə bağlı ilk məlumatları hələ 2022-ci ilin noyabrında qeydə alıb.

"Rusiyanın ukraynalı hərbi əsirləri döyüş birləşmələrində istifadə etməsi "Hərbi əsirlər haqqında" Cenevrə Konvensiyasının pozulmasıdır. Həmin sənəd əsirlərin onları ələ keçirən tərəfin xeyrinə hərbi əməliyyatlarda iştirakını qadağan edir. Konvensiyaya görə hərbi əsir heç bir halda döyüş zonasında atəş altında qala biləcəyi ərazilərə göndərilə və ya orada saxlanıla bilməz. Eyni zamanda onları sağlamlıq üçün zərərli və ya təhlükəli xarakter daşıyan işlərə cəlb etmək qəti qadağandır", - məqalədə analitiklər qeyd ediblər. (oxu.az)