ABŞ Senatı Todd Blanşın (Todd Blanche) Baş prokuror vəzifəsinə namizədliyini təsdiqləyib və o, Ədliyyə Nazirliyinin rəhbəri təyin olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Səsvermə zamanı 50 senator namizədliyin lehinə, 49 senator isə əleyhinə səs verib. Qərar Senatın beşhəftəlik yay tətilinə çıxmasından bir qədər əvvəl qəbul edilib.

Todd Blanş 6 avqust 1974-cü ildə Kolorado ştatının Denver şəhərində anadan olub. O, 1994-cü ildə Amerika Universitetini, 2003-cü ildə isə Bruklin Hüquq Məktəbini bitirib.

Blanş 2003–2014-cü illərdə "Davis Polk" şirkətində vəkil işləyib, həmçinin Nyu-Yorkun Şərq və Cənub Dairələri üzrə ABŞ Dairə Məhkəmələrində müxtəlif vəzifələr tutub. Daha sonra o, "WilmerHale" və "Cadwalader, Wickersham & Taft" hüquq firmalarında fəaliyyətini davam etdirib. 2023-cü ildə özünün "Blanche Law" firmasını təsis edən Blanş, həmin dövrdə Donald Trampın vəkili kimi onu bir sıra Məhkəmə proseslərində təmsil edib.

2024-cü il prezident seçkilərində qalib gəldikdən sonra Tramp Blanşın namizədliyini Baş prokurorun müavini vəzifəsinə irəli sürüb və o, 2025-ci ilin martında bu posta təyin olunub. 2026-cı ildə Baş prokuror Pam Bondinin istefasından sonra isə Blanş Baş prokuror vəzifəsini icra etməyə başlayıb.

E. Səlimov

AzPolitika.info