Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumları nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Kupyansk rayonunun Kovşarovka qəsəbəsinə dronun düşməsi nəticəsində 68 yaşlı kişi həlak olub.

Gündüz saatlarında Xarkovun Kiyevski rayonunda şəhər qəbiristanlığının ərazisinə "İtalmas" tipli pilotsuz uçuş aparatı zərbə endirib. Qəbirlər və qaz borusu zədələnib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Axşam saatlarında vilayətin Kupyansk rayonunun Mixaylovka kəndində dronun hücumu nəticəsində 46 yaşlı qadın yaralanıb.

Bundan başqa, Xarkov vilayətinin Çuquyev rayonunun Vasilyevka kəndində avqustun 7-də həyata keçirilmiş dron zərbəsi nəticəsində 51 yaşlı kişinin həlak olması barədə avqustun 8-də məlumat paylaşılıb.